Gecəyarı Gəncənin Heydər Əliyev prospektindəki “Tekstilni” deyilən ərazidən keçənlərə Zaur və Familənin məshum baxışları yaxşı tanışdır. Azyaşlı bacı-qardaş yol kənarında dayanıb, gedib-gələnlərdən pul istəyirlər. Prospekt boyunca sürətlə şütüyən avtomobillər onların həyatı üçün təhlükə yaradır. Yaxınlıqdakı çay evinin “Cip”lərdən düşən varlı müştəriləri onlara çox nadir hallarda pul verirlər. Hətta onlara bağırıb, ərazidən qovanlar da tapılır, dərdinə yanıb, qəpik-quruş verənlər də. Ata və analarının sağ olduğunu deyən bu iki körpə “evi dolandırmaq” üçün hər gecə “iş başındadırlar”. Məktəb formaları olmadığı üçün məktəbə getmədiklərini deyirlər.Azyaşlılar bu dəfə də oradan keçəndə yaxınlaşıb pul istədilər, şəkil çəkməyimə və videomüsahibə hazırlamağıma razı oldular.
Video müsahibəni təqdim edirəm.
Zaur və Familənin taleyini yaşayan növbəti qəhrəman 8 yaşlı Aytacdı.
Düzü, bu bala qızcığazı müxtəlif yerlərdə çox görmüşəm. Gecə də, gündüz də şəhərin müxtəlif yerlərində dilənən bu qız gah mənə adını Aytac, gah Saşa gah da Gülər kimi təqdim edib. Görünüşündən və üz cizgilərindən tipik rus uşaqlarını xatırladan Aytac yuxarıda gördüyünüz “küçə sakinləri” kimi danışamağa elə də meyl göstərmir.Amma danışdırıb bir-iki kəlimə soruşa bilirəm.
Bu Gəncədə gecə və gündüz dilənən 100-lərlə uşaqlardan sadəcə iki nümunədir. Gecənin sahibsiz küçə sakinlərini özləri və həyatları ilə bağlı heç nə qorxutmur, amma cəmiyyəti artıq bu cür hallar qorxutmalıdır. Ən azı gələcəkdə cəmiyyət üçün təhlükəli insan yetişdirməmək naminə.